|
“OV”, “YEV”, “ZADƏ” SONLUQLARI SOYADLARDAN GÖTÜRÜLÜR
Azərbaycanda milli soyad formatının müəyyən edilməsi üçün xüsusi konsepsiya hazırlanıb. “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan konsepsiyada adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur”, – deyə “Trend”ə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib. Xatırladaq ki, Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Qanunda göstərilib ki, ölkə vətəndaşlarının soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə yeni ifadə formasında işlədə bilərlər və soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmur. N.Cəfərovun sözlərinə görə, müxtəlif elm sahələri üzrə mütəxəssislərin təmsil olunduğu Komissiya Azərbaycanda tarixən mövcud olmuş soyad formaları və ad qoyma ənənələrini öyrənərək milli soyad formatını müəyyənləşdirib: “Konsepsiyanın həyata keçirilməsi onun təsdiqindən sonra mümkün olacaq”. Komitə sədri deyib ki, konsepsiyada “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur: “Mütəxəssislər “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər”. Onun fikrincə, milli soyad formatı Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələri üçün nəzərdə tutulmur: “Rusların, ukraynalıların, gürcülərin və digər millətlərin dünyada qəbul olunan soyad formatları var. Bu konsepsiya həmin millətlərə aid olmayacaq”.
"... Umarıx uyumuş, keyimiş beyinlərimizdən də o sonluq adların daşıyıcı düşüncələri götürülər."
|