İran azərbaycanlılarının milli hüquqları uğrunda
hərəkatın fəalı Vədud Əsədi avqustun 24-də azadlığa buraxılıb. Əsədinin
«Azadlıq» radiosuna verdiyi məlumata görə, onu dövlətə qarşı çıxmaqda
ittiham ediblər.
Vədud Əsədi deyir ki, ona həbsdə olduğu zaman işgəncə
verilməsə də, ailəsi ilə görüşməyə icazə verməyiblər.
V.Əsədi bu il iyulun 22-də İranın Rəşt şəhərində həbs
olunmuşdu. İyulun 23-ü isə onu Rəşt İnqilab Məhkəməsinə aparmışdılar.
Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə
Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə
də tanınır.
Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində
azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs
olunmuşdu.
Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və
diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya
yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.